Şabranda 3 günlük regional tədbir baş tutmuşdur

23-25 dekabr 2024-cü il tarixlərində Şabranda “eTwinning” layihəsi çərçivəsində üçgünlük regional konfrans baş tutmuşdur. Konfransa Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavini Pərvin Ağasiyev, Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsinin əməkdaşı Natəvan Bədəlova, layihə səfirləri və Azərbaycanın müxtəlif bölgələrindən 47 nəfər müəllim qoşulmuşdur.

Təşkil olunan konfransın əsas məqsədi region müəllimləri üçün İKT-nin təhsilə tətbiqi, layihə əsaslı təhsil, beynəlxalq tərəfdaşların tapılması və onlarla iş layihənin regionlarda inkişafını təmin etmək olmuşdur.

Eyni zamanda müəllimlər üçün XXI əsr bacarıqlarını inkişaf etdirəcək müxtəlif təlim və müzakirələrin təşkili də tədbir gündəliyində öz əksini tapmışdır. 3 günlük konfrans çərçivəsində uğurlu layihə modeli, layihənin platformada yaradılması və planlanması, layihə mövzularının milli kurikuluma inteqrasiyası mövzularında müxtəlif təlimlər və müzakirələr təşkil olunmuşdur.

Konfransda Azərbaycanın 15 bölgəsindən 47 müəllim iştirak etmişdir. Konfransın nəticəsi olaraq 13 ortaq dərs modeli yaradılmışdır.

Tədbirin son günü “eTwinning” layihəsi çərçivəsində müəllimlər arasında “İlin ən yaradıcı layihəsi” üzrə keçirilən müsabiqə qalibi də təltif edilmişdir. Cari tədris ilində “Vətəndaş təhsili” mövzusunda keçirilən müsabiqənin qalibi İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Aytən Kazımlı seçilmişdir.

Tədbirin son günündə “Dünyamızı Qoruyaq” şagird müsabiqəsinin nəticələri elan edilmiş. Qalib şagirdlər növbəti il təşkil olunan tədbirdə təltif ediləcəklər.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ