Quba rayonunda Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib

03 dekabr 2025-ci il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının Uşaq-Gənclər İnkişaf Mərkəzləri, həmçinin Şabran şəhəri Samir Zülfüqarov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi və Qusar rayonu Urva kənd tam orta ümumtəhsil məktəbinin peşə təmayüllü siniflərinin iştirakı ilə Beynəlxalq Əlillər Günü münasibətilə tədbir təşkil olunub. Tədbirin əsas məqsədi sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyasını dəstəkləmək və onlara göstərilən diqqət və qayğını vurğulamaq olub.

Tədbirdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbər heyəti, müəllimlər və idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində inklüziv siniflərdə təhsil alan sağlamlıq imkanları məhdud şagirdlər iştirak ediblər.

Çıxış edənlər günün əhəmiyyətindən danışaraq, ölkəmizdə sağlamlıq imkanları məhdud şagirdlər üçün yaradılan imkanlar, onlara göstərilən dövlət qayğısı və həyata keçirilən sosial layihələr barədə məlumat veriblər. Həmçinin, müxtəlif sahələrdə əlilliyi olan şəxslərə göstərilən dəstəyin onların cəmiyyətə inteqrasiyasına mühüm töhfə verdiyi qeyd olunub.

Tədbirin bədii hissəsində uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri tərəfindən rəqs və musiqi nömrələri təqdim edilib. Rəngarəng və əyləncəli proqram tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və xoş təəssürat yaradıb.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ