Qusar rayonu üzrə ümumi təhsil müəssisələrinin direktorları ilə görüş təşkil olunmuşdur

11 sentyabr 2024-cü il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev Qusar rayonunda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirmişdir.

Görüşdə ötən tədris ilində həyata keçirilmiş işlərin qiymətləndirilməsi, növbəti tədris ili üçün qarşıda duran vəzifələrin müzakirəsi, prioritet inkişaf istiqamətlərinin müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması üçün görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılmışdır.

Görüş zamanı Coşqun Əliyev, başa vurulmuş tədris ili ərzində əldə olunan nailiyyətləri vurğulamaqla yanaşı, mövcud problemləri və onların həlli yollarını da ətraflı şəkildə təhlil etmişdir.

Təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin bilik və bacarıqlarının artırılması, müəllim heyətinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi kimi əsas istiqamətlərə xüsusi diqqət yetirilmişdir. Həmçinin, növbəti tədris ilində qarşıda duran vəzifələr və yeni layihələr haqqında məlumat verilmişdir.

Direktorlar, öz növbəsində, tədris prosesində qarşılaşdıqları çətinliklər, resurs ehtiyacları və digər mövzularla bağlı suallarını ünvanlamış, eləcə də təhsil sahəsindəki yeniliklər və innovativ metodların tətbiqi ilə bağlı təkliflərini bölüşüblər.

Coşqun Əliyev, verilən sualları cavablandırmış, hər bir məktəbin spesifik ehtiyaclarına uyğun tövsiyələr vermiş və bütün məsələlərin həlli üçün birlikdə çalışmağın vacibliyini vurğulamışdır. Görüş konstruktiv müzakirələrlə yekunlaşmış, gələcəkdə görüləcək işlərin istiqaməti müəyyənləşdirilmişdir.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ