Heydər Əliyev Fondu tərəfindən Xaçmaz rayonunun İstisu kəndində yeni orta məktəb binası yenidən inşa edilərək, yeni dərs ilinin ilk günündə şagird və müəllimlərin istifadəsinə verilib.

Tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, təhsil işçiləri və şagirdlər iştirak ediblər.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov şagirdləri yeni tədris ilinin başlaması münasibətilə təbrik edərək, onlara təhsildə yüksək nailiyyətlər arzulayıb. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları çərçivəsində yeni məktəb binalarının tikintisi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, həmçinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı sahəsində əldə olunan nailiyyətlər vurğulanıb.

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Quba-Xaçmaz Regional Təshil İdarəsinin müdiri Coşqun Əliyev şagirdləri yeni tədris ili münasibətilə təbrik edərək, onların təhsildə irəliləyiş əldə etmələri üçün yaradılmış şəraitin vacibliyini vurğulayıblar. Şagirdlərə öz potensiallarını tam olaraq reallaşdırmaq üçün bu imkanlardan faydalanmalarını tövsiyə ediblər.

Daha sonra tədbir iştirakçıları yeni istifadəyə verilmiş Xaçmaz rayonu İstisu tam orta məktəbində yaradılan şəraitlə tanış olublar. Məktəblərdə şagirdlər üçün müasir sinif otaqları, laboratoriyalar və digər tədris resursları yaradılmışdır ki, bu da təhsilin keyfiyyətini artırmaq üçün əhəmiyyətli bir addımdır.

Tikintisinə bu ilin əvvəlində başlanan üçmərtəbəli məktəb iki korpusdan ibarətdir. 320 şagird yerlik təhsil müəssisəsi zəruri mebel və avadanlıqla, fənn kabinetləri - fizika, kimya, biologiya, kompüter sinfi, hərbi hazırlıq kabinetləri, tibb kabineti, əmək təlimi kabinetləri və laboratoriyalar zəruri avadanlıqla təchiz olunub.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ