“Məktəblilər arasında respublika çempionatı”nın zona mərhələsi keçirilib
13 oktyabr 2025-ci il tarixində Quba rayonu Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta məktəbində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin iştirakı ilə “Məktəblilər arasında respublika çempionatı”nın atletika idman növü üzrə zona mərhələsi keçirilib.
“Məktəblilər arasında respublika çempionatı” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə həyata keçirilir.
Yarışın məqsədi məktəblilərin fiziki hazırlığını gücləndirmək, sağlam həyat tərzini təbliğ etmək və şagirdlər arasında idmana marağı artırmaqdır.
Zona mərhələsində yarışlar beynəlxalq idman federasiyalarının təsdiq etdiyi qaydalara əsasən atletika, basketbol və badminton idman növləri üzrə təşkil olunub. Quba-Xaçmaz zona mərhələsində isə atletika idman növü üzrə yarışlar keçirilib.
Azərbaycan Atletika Federasiyasının təyin etdiyi hakimlərin idarə etdiyi yarışlarda məktəblilər 100 metr məsafəyə qaçış, yerindən uzunluğa tullanma, tennis topu atma və 4x50 metrlik estafet qaçışı (2 qız, 2 oğlan) üzrə mübarizə aparıblar.
Zona mərhələsinin nəticələrinə əsasən, I yeri Qusar, II yeri Siyəzən, III yeri isə Quba komandası tutub. I yeri qazanan Qusar komandası final mərhələsində iştirak etmək hüququ əldə edib. I, II və III yerlərə layiq görülərək təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.
“Məktəblilər arasında respublika çempionatı”nın final mərhələsində qaliblər kubok, medal, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılacaq.
Yeni Şərh