Məktəblilərarası Milli Hakaton – 2025-in mükafatlandırma mərasimi baş tutub
Elm və Təhsil Nazirliyinin dəstəyi və “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin təşkilatçılığı ilə keçirilən Məktəblilərarası Milli Hakaton – 2025 müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.
Quba–Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən ümumilikdə 22 şagird müsabiqədə iştirak edib. Onlardan Qusar şəhəri Nemət Məmmədəliyev adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Döyüşova Aliya Heydər qızı müsabiqədə 3-cü yer, Quba rayonu Birinci Nügədi kəndi Zəki Kərimov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Nadirli Nihad Nahid oğlu isə 2-ci yer əldə edərək qalib komanda tərkibində çıxış ediblər.
Final mərhələsində komandalar turizm, ekologiya, maliyyə, mədəniyyət və incəsənət sahələri üzrə hazırladıqları veb-sayt, mobil tətbiq və oyun formatlı layihələrlə çıxış ediblər.
Məktəblilərarası Milli Hakaton – 2025 müsabiqəsinin əsas məqsədi məktəblilər arasında proqramlaşdırma və rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, yaradıcı və istedadlı şagirdləri üzə çıxarmaq, habelə onların gələcək inkişaf imkanlarını genişləndirməkdir.
Qalib şagirdlərimizi təbrik edir, onlara yeni nailiyyətlər arzulayırıq!
Yeni Şərh