Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş təşkil olunmuşdur. Görüşdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova, Maliyyə sektorunun müdiri Aqil Ağayev və idarənin digər əməkdaşları iştirak etmişdir.

Tədbir zamanı məktəbəqədər təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi və səmərəli idarə olunması məqsədilə keyfiyyət monitorinqi aparılmışdır. Monitorinqin əsas bəndləri iştirakçılara ətraflı şəkildə təqdim olunmuş, hər bir bənd üzrə izahat verilmiş və müəssisə rəhbərlərinin sualları cavablandırılmışdır.

Bağçalarda ərzaq silgisinin düzgün tənzimlənməsi və əvəzetmələrin səmərəli və düzgün həyata keçirilməsi məsələləri də diqqət mərkəzində olmuşdur. Rəhbərlərə uşaqların qidalanmasının düzgün təşkil olunması, qida ehtiyatlarının vaxtında və düzgün tədarük edilməsi, əvəzetmələrin planlı və şəffaf qaydada icra olunması barədə tövsiyələr verilmişdir.

Görüşün əsas məqsədi məktəbəqədər təhsil müəssisələrində tədris prosesinin keyfiyyətini daha da artırmaq, rəhbərlərin idarəetmə bacarıqlarını gücləndirmək və təhsil sahəsində standartların tətbiqini təmin etmək olmuşdur. Eyni zamanda, rəhbərlər arasında fikir mübadiləsi aparılaraq uğurlu təcrübələrin paylaşılması təmin edilmişdir.