Od çərşənbəsi qeyd olundu

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində Od Çərşənbəsi münasibətilə silsilə tədbirlər keçirilmişdir.

Tədbirlərdə Od Çərşənbəsinin xalqımızın qədim adət-ənənələrində tutduğu yer, Novruz bayramının əsas ünsürlərindən biri kimi odun təmizləyici və yeniləyici rəmz olması haqqında şagirdlərə və körpələrə ətraflı məlumat verilmişdir. Müəssisələrdə təşkil olunan ədəbi-bədii kompozisiyalar, şeir və mahnı ifaları, səhnəciklər və rəqs nümunələri tədbirlərə xüsusi rəng qatmışdır.

Şagirdlər tərəfindən hazırlanmış əl işləri və Novruz atributlarından ibarət sərgilər nümayiş etdirilmiş, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində maarifləndirici söhbətlər aparılmışdır. Məktəbəqədər təhsil müəssisələrində balacalar üçün tonqal ətrafında təhlükəsizlik qaydalarına riayət olunmaqla simvolik tədbirlər təşkil edilmiş, uşaqlara bayramın mahiyyəti sadə və anlaşıqlı şəkildə izah olunmuşdur.

Keçirilən tədbirlərin əsas məqsədi şagirdlərdə milli adət-ənənələrə sevgi və hörmət hissinin aşılanması, Novruz bayramının dəyərlərinin gələcək nəsillərə çatdırılması olmuşdur.