8 noyabr Zəfər Günü və 3 oktyabr – Türk Dünyası Günü münasibətilə Sumqayıt şəhəri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Quba rayonu Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə möhtəşəm tədbir-konsert keçirilib.

Tədbirdən əvvəl Azərbaycan və Türk dünyasının milli-mədəni dəyərlərini əks etdirən rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə uşaqların və gənclərin hazırladığı müxtəlif yaradıcılıq nümunələri nümayiş etdirilib.

Tədbiri Quba rayonu Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Ramin Məmmədov açıq elan edib. Çıxış edən Sumqayıt şəhəri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Entiqə Rzayeva və Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycan Respublikasındakı nümayəndəsi Ufuk Turganer tədbirin əhəmiyyətindən, Azərbaycan-Türk dünyası əlaqələrinin və milli-mədəni dəyərlərin təbliğinin vacibliyindən bəhs ediblər.

Daha sonra Sumqayıt şəhəri və Quba rayonu Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin, eləcə də Şimali Kiprdən gələn FOGEM (Cyprus) – Lefkoşa Folklor ve Gençlik Merkezi rəqs qrupunun iştirakı ilə rəngarəng konsert proqramı təqdim olunub. Tədbir iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.