“Kitabdan səhnəyə” – məktəb tamaşasının region turu təşkil olunub
Dekabrın 9-da Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba, Qusar, Şabran, Xaçmaz və Siyəzən rayonları üzrə ümumtəhsil məktəblərinin I–IX sinif şagirdləri arasında “Kitabdan səhnəyə” adlı məktəb tamaşasının region turu keçirilib.
Layihənin əsas məqsədi şagirdlərin oxuduqları ədəbi əsərləri daha dərindən mənimsəmələrinə şərait yaratmaq, onların ədəbiyyat və teatr sənəti sahəsində yaradıcı bacarıqlarını inkişaf etdirmək, həmçinin personaj və hadisələrin səhnə canlandırılması vasitəsilə qrup halında əməkdaşlıq etmə bacarıqlarını gücləndirməkdən ibarətdir.
Tədbir eyni zamanda şagirdlərin yaradıcı düşüncə və problem həll etmə qabiliyyətlərinin dəstəklənməsi, səhnə nitqi, bədən dili və özünəinam kimi təqdimat bacarıqlarının formalaşdırılması, incəsənət vasitəsilə fərdi ifadə imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyətli olub.
Region turunun yekununda ilk üç yerin qalibləri sertifikatlarla təltif edilib. Belə ki,
• I yer – Şabran rayonu Dəvəçi kənd tam orta ümumtəhsil məktəbi,
• II yer – Quba rayonu Bayram Şixəmirov adına Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbi,
• III yer – Xaçmaz rayonu Xudat şəhəri Nəriman Nərimanov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi tutub.
Yeni Şərh