Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirildi

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş silsilə anım tədbirləri keçirilmişdir. Tədbirlərin əsas məqsədi şagirdlərə vətənpərvərlik ruhunun aşılanması, tariximizin faciəli səhifələrinin unudulmaması, Xocalı qurbanlarının əziz xatirəsinin yad edilməsi və gənc nəslin milli-mənəvi dəyərlər əsasında formalaşdırılması olmuşdur.

Anım tədbirləri çərçivəsində məktəblərdə ilk olaraq şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Xocalı faciəsini əks etdirən sənədli videomateriallar nümayiş olunmuşdur. Müəllimlər tərəfindən faciənin tarixi səbəbləri və nəticələri barədə şagirdlərə ətraflı məlumat verilmişdir.

Təhsil müəssisələrində təşkil olunan rəsm sərgilərində şagirdlərin Xocalı faciəsinə həsr etdikləri əl işləri nümayiş etdirilmiş, onların hadisələrə öz baxış bucaqlarını bədii formada ifadə etmələri xüsusi maraq doğurmuşdur. Rəsmlərdə sülh arzusu, ədalət çağırışı və şəhidlərin xatirəsinə ehtiram motivləri üstünlük təşkil etmişdir.

Eyni zamanda şeirlər və ədəbi-bədii kompozisiyalar təqdim olunmuş, şagirdlər tərəfindən Xocalıya həsr edilmiş şeirlər səsləndirilmişdir. Bəzi məktəblərdə səhnəciklər nümayiş etdirilərək faciənin acı həqiqətləri bədii dillə çatdırılmışdır.