Yel çərşənbəsi münasibətilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində silsilə tədbirlər təşkil olunub. 

Tədbirlərin keçirilməsində məqsəd şagirdlərə və körpələrə xalqımızın qədim adət-ənənələrini tanıtmaq, Novruz bayramının dəyərlərini aşılamaq və milli-mənəvi irsimizə marağı artırmaq olub.

Keçirilən tədbirlərdə şagirdlər tərəfindən Yel çərşənbəsinin mahiyyətini əks etdirən səhnəciklər təqdim olunub, şeirlər səsləndirilib, mahnılar ifa edilib və müxtəlif bədii kompozisiyalar nümayiş etdirilib. Məktəbəqədər təhsil müəssisələrində isə balacalar Novruz ənənələrini əks etdirən oyunlarda iştirak edib, bayram atributları ilə hazırlanmış guşələr təqdim olunub. 

Tədbirlər zamanı Novruzun dörd çərşənbəsindən biri olan Yel çərşənbəsinin təbiətin oyanışı və yazın gəlişi ilə bağlı inancları barədə məlumat verilib. Bildirilib ki, xalq inanclarına görə, bu çərşənbədə əsən yel təbiəti oyadır, ağacları tumurcuqladır və baharın gəlişindən xəbər verir.

Belə tədbirlər şagirdlərdə milli dəyərlərə bağlılığın möhkəmləndirilməsinə, xalqımızın zəngin mədəni irsinin gələcək nəsillərə çatdırılmasına xidmət edir.