11 sentyabr 2024-cü il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Qusar rayon ümumi təhsil müəssisələri üzrə buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə etmiş gənclərlə görüş keçirilmişdir.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov tələbə adını qazanan gəncləri təbrik edib, onlara savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr vermələrini arzulayıb.
Qeyd edilib ki, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfəsini verməkdədir. Yeni məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərir.
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev bildirib ki, bu il Qusar rayonunda orta məktəbi bitirən məzunlardan 283-ü tələbə adını qazanıb, onlardan 12-si 600-dən, 44-ü isə 500-dən yuxarı bal toplayıb.
Tələbə adını qazanan gənclər və eləcədə onların müəllimləri yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda buraxılış və qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələrə fəxri fərman və qiymətli xatirə hədiyyələri təqdim edilib.





Yeni Şərh