“Məktəblilər arasında Respublika Çempionatı”nın basketbol idman növü üzrə zona mərhələsi keçirilib
06 noyabr 2025-ci il tarixində Quba rayonu Zəki Kərimov adına I Nügədi kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə “Məktəblilər arasında Respublika Çempionatı”nın basketbol idman növü üzrə zona mərhələsi keçirilib.
“Məktəblilər arasında Respublika Çempionatı” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə həyata keçirilir.
Yarışın əsas məqsədi məktəblilərin fiziki hazırlığını gücləndirmək, sağlam həyat tərzini təşviq etmək və şagirdlər arasında idmana marağı artırmaqdır.
Azərbaycan Basketbol Federasiyasının təyin etdiyi hakimlərin idarə etdiyi yarışlarda 2015–2016-cı il təvəllüdlü məktəblilər 3x3 formatı üzrə mübarizə aparıblar.
Zona mərhələsinin nəticələrinə əsasən, Quba rayonu Zəki Kərimov adına I Nügədi kənd 1 nömrəli tam orta məktəbin oğlanlardan ibarət komandası və Quba rayonu Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta məktəbin qızlardan ibarət komandası qalib adını qazanaraq Respublika mərhələsinə vəsiqə əldə ediblər. Hər iki kateqoriya üzrə I, II və III yerlərə layiq görülən komandalar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.
“Məktəblilər arasında Respublika Çempionatı”nın final mərhələsində qaliblər kubok, medal, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılacaq.
Yeni Şərh