Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər İdman-Şahmat məktəblərinin 2025–2026-cı tədris ili ərzində müxtəlif idman növləri üzrə uğur qazanan idmançıları, məşqçi-müəllimləri və rəhbərləri ilə görüş keçirilmişdir.
Görüşdə şahmat, cüdo, taekvondo, sərbəst güləş, stolüstü tennis və boks idman növləri üzrə yüksək nailiyyətlər əldə etmiş idmançılar iştirak etmişlər. Tədbirin əsas məqsədi məktəbdənkənar təhsil sahəsində səmərəli fəaliyyət göstərən məşqçi-müəllimlərin əməyini qiymətləndirmək, gənc idmançıların uğurlarını təqdir etmək və onların gələcək fəaliyyətinə motivasiya vermək olmuşdur.
Görüşdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova və İnzibati təşkilat sektorunun müdiri Fikrət Heybətov iştirak etmişlər. Çıxış edənlər son illərdə region idmançılarının qazandıqları uğurların sevindirici hal olduğunu vurğulayaraq, idmançıları, məşqçi-müəllimləri və müəssisə rəhbərlərini təbrik etmiş, onlara gələcək yarışlarda yeni nailiyyətlər arzulamışlar.
Tədbir zamanı idmançılarla səmimi söhbət aparılmış, onların hazırlıq prosesi, yarış təcrübələri və gələcək hədəfləri ilə maraqlanılmışdır. Qeyd olunmuşdur ki, gənclərin idmana marağının artırılması, onların sağlam ruhda yetişməsi və beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil etməsi istiqamətində məktəbdənkənar təhsil müəssisələrinin rolu mühüm əhəmiyyət daşıyır.
Sonda idman sahəsində fərqlənən məşqçi-müəllimlər Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən fəxri fərmanlarla təltif olunmuşlar.
Yeni Şərh