“Göydə Sürət və Dəqiqlik” adlı regional dron yarışı keçirildi

27 may 2025-ci il tarixində Quba rayonu Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə texnologiyaya marağı artırmaq, şagirdlərin mühəndislik və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyan “Göydə Sürət və Dəqiqlik” adlı regional dron yarışı keçirilmişdir.

Yarış üçün zəruri olan parkur avadanlıqları və maneə zolaqları Zərdabi məktəbində fəaliyyət göstərən peşə təmayüllü siniflərin şagirdləri tərəfindən hazırlanaraq tədbirin texniki təminatına mühüm töhfə vermişdir.

Tədbir, eyni zamanda, SAF 2025 müsabiqəsinə hazırlıq məqsədi daşımışdır.

Yarış iştirakçıları iki əsas kateqoriya üzrə — məktəb dronları və fərdi dronlar — bacarıqlarını nümayiş etdirdilər. Qiymətləndirmə meyarlarına dronların sürəti, dəqiqliyi, proqramla və əl ilə idarəetmə bacarığı, eləcə də yaradıcı dizayn həlləri daxil idi.

Məktəb dronları kateqoriyası üzrə qaliblər:

I yer: Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbi

II yer: Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-lisey

III yer: Qusar şəhəri Tofik İsmayılov adına 6 nömrəli tam orta ümumtəhsil məktəbi

Fərdi dronlar kateqoriyası üzrə qaliblər:

I yer: Qusar şəhəri Elxan Güləliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi

II yer: Şabran şəhəri 5 nömrəli tam orta ümumtəhsil məktəbi

III yer: Şabran şəhəri Roman Yusifov adına 2 nömrəli texniki fənlər təmayüllü məktəb-lisey

Qalib komandalar və fərdi iştirakçılar Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən diplomlarla təltif olunmuşdur.

“Göydə Sürət və Dəqiqlik” yarışı gənc texnologiya həvəskarlarının bacarıqlarını nümayiş etdirmələri və gələcək innovativ layihələr üçün ilham almaları baxımından mühüm əhəmiyyət daşıyır!

#MÜTDA #EduAz #QubaXaçmazRTİ #SAF2025 #TexnologiyayaDəstək