“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışının zona mərhələsi keçirilmişdir.

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, eləcə də Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarətdir.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən, Quba rayonu Qaraçay qəsəbə tam orta ümumtəhsil məktəbinin komandası I yerə layiq görülərək, ümumrespublika mərhələsində bölgəni təmsil etmək hüququ qazanmışdır.

Qusar rayonu Atlıxan kənd tam orta ümumtəhsil məktəbi II yerə, Xaçmaz şəhəri 9 nömrəli tam orta ümumtəhsil məktəbi isə III yerə layiq görülüb.

Yarışda fərqlənən komandalar diplom, kubok və qiymətli hədiyyələrlə təltif olunublar.

#MÜTDA #EduAZ #QubaXaçmazRTİ