Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şabran rayonu üzrə ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ilini uğurla başa vuran, ali təhsil müəssisələrinə yüksək balla qəbul olunan məzunlar və müxtəlif istiqamətlər üzrə yüksək nəticələr əldə edən şagirdlərlə görüş keçirilib.
Tədbirdə Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn İlyasov, Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev, Şabran rayonu üzrə təhsil sektorunun müdiri Emin Mövsümov, təhsil işçiləri, məktəb direktorları, müəllimlər və valideynlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər gəncləri və onların valideynlərini əldə etdikləri uğurlar münasibətilə səmimi-qəlbdən təbrik ediblər. Ölkəmizdə gənclər siyasətinin və təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanaraq, qazanılan hər bir uğurun ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi sistemli diqqət və qayğının nəticəsi olduğu diqqətə çatdırılıb.
Görüşdə çıxış edən məktəb direktorları və valideynlər gənc nəslin savadlı yetişdirilməsinə, istedadlı şagirdlərin üzə çıxarılmasına və onların stimullaşdırılmasına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Çıxışlarda təhsil müəssisələrində yaradılan müasir tədris şəraitinin və göstərilən mənəvi dəstəyin şagirdlərin öz potensiallarını tam reallaşdırmalarına geniş imkanlar yaratdığı bildirilib.
Valideynlər gənclərin əməyinə verilən yüksək qiymətə və göstərilən diqqətə görə Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürlərini bildirərək, bu cür görüşlərin şagirdlərdə böyük ruh yüksəkliyi və məsuliyyət hissi yaratdığını vurğulayıblar.
Sonda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlara Şabran Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən təşəkkürnamə və fəxri fərmanlar təqdim olunub.
Yeni Şərh