Siyəzən Rayon İcra Hakimiyyəti, Siyəzən rayonu üzrə Təhsil Sektoru, Yeni Azərbaycan Partiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Siyəzən Rayon Komitəsinin birgə təşkilatçılığı ilə 7 may tarixində Siyəzən şəhəri Mikayıl Müşfiq adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və Müstəqillik Gününə həsr olunmuş ümumtəhsil məktəblərinin pedaqoji heyəti arasında “Xəmsə” milli intellektual oyunu keçirilmişdir.

Tədbirdə rayonun ümumtəhsil müəssisələrinin müəllim və pedaqoji heyət üzvləri iştirak etmiş, komandalar müxtəlif mövzular üzrə biliklərini nümayiş etdirmişlər. Yarışın keçirilməsində əsas məqsəd müəllimlər arasında intellektual bilik yarışının təşkili, milli-mənəvi dəyərlərin təbliği, iştirakçılar arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi və komanda ruhunun inkişaf etdirilməsi olmuşdur.

Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğını vurğulamış, müəllimlərin cəmiyyətin inkişafındakı mühüm rolundan bəhs etmişlər. Bildirilmişdir ki, bu cür intellektual yarışların təşkili pedaqoqlar arasında həmrəyliyin gücləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili və bilik mübadiləsinin aparılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Yarış iştirakçılar tərəfindən böyük maraq və yüksək əhval-ruhiyyə ilə qarşılanmış, qalib komandalar təşkilatçılar tərəfindən diplom və fəxri fərmanlarla təltif olunmuşdur.