ℹ“Yurd” komandasının üzvləri ilə görüş keçirildi

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, 2025-ci ilin noyabr ayında Elm və Təhsil Nazirliyinin və “Təhsil Oyunları Platforması”nın təşkilatçılığı ilə keçirilmiş “Nə? Harada? Nə zaman?” intellektual yarışının Respublika kuboku mərhələsində ölkə üzrə I yerə layiq görülən “Yurd” komandasının üzvləri ilə görüş keçirmişdir.

Görüş zamanı idarə müdiri müəllimləri əldə etdikləri uğurlara görə təbrik edərək onların yüksək peşəkarlığını, intellektual hazırlığını və komandada işləmək bacarığını xüsusi olaraq vurğuladı. O, bu nəticələrin bölgənin təhsil mühitinə əhəmiyyətli təsir göstərdiyini və digər məktəblər üçün ilham verici nümunə olduğunu diqqətə çatdırdı.

Sonda müəllimlər öz fikirlərini bölüşərək qeyd etdilər ki, bu kimi müsabiqələr biliklərin artırılmasına, təcrübə mübadiləsinə və birlikdə fəaliyyət göstərmək mədəniyyətinin möhkəmlənməsinə şərait yaradır. Onlar əldə olunmuş uğurun qarşılıqlı əməkdaşlığın və məqsədyönlü hazırlığın nəticəsi olduğunu bildirərək gələcəkdə də belə layihələrdə aktiv iştirak edəcəklərini vurğuladılar.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ