Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü liseydə 15 Sentyabr – Bilik Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmurov, Elm və Təhsil Nazirliyi Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, İkinci Vətən müharibəsi şəhidi Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimova, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər şagirdləri yeni tədris ilinin başlanması və 15 Sentyabr – Bilik Günü münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıblar.
Çıxışlarda ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, təhsil infrastrukturunun yenilənməsi, müasir təhsil imkanlarının yaradılması və gənc nəslin bilikli, savadlı, vətənpərvər ruhda yetişdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub. Bildirilib ki, Azərbaycanın davamlı inkişafında keyfiyyətli təhsilin xüsusi rolu var və dövlət siyasətinin əsas prioritetlərindən biri müasir və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasıdır.
Qeyd olunub ki, yeni tədris ili həm şagirdlər, həm də müəllimlər qarşısında yeni hədəflər müəyyənləşdirir. Şagirdlərin əldə etdikləri bilikləri daha da möhkəmləndirmələri, qarşılarına yüksək məqsədlər qoymaları və ölkənin gələcək inkişafına layiqli töhfə vermələri xüsusi vurğulanıb.
Qeyd edək ki, 15 Sentyabr – Bilik Günü münasibətilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində də müxtəlif tədbirlər keçirilib. Tədbirlərdə yeni tədris ilinin başlanması münasibətilə şagird və müəllim kollektivləri təbrik edilib, təhsilalanlara uğurlar arzulanıb.
Tədbirin sonunda yeni tədris ilinin uğurlu və yaddaqalan olması, şagirdlərin yüksək nailiyyətlər əldə etməsi arzulanıb.
Yeni Şərh