Quba rayonunda Novruz bayramı münasibətilə silsilə tədbirlər çərçivəsində möhtəşəm bayram konserti təşkil olunmuşdur. Tədbir Quba Rayon İcra Hakimiyyəti və Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən birgə həyata keçirilmişdir.

Bayram proqramı çərçivəsində rayonun ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin iştirakı ilə sərgilər təşkil olunmuş, burada xalqımızın qədim adət-ənənələri, milli mətbəxi və Novruz atributları nümayiş etdirilmişdir. Şagirdlərin hazırladığı guşələrdə səməni, milli şirniyyatlar, eləcə də qədim məişət nümunələri xüsusi maraq doğurmuşdur.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatı Müşfiq Məmmədli, Rayon İcra Hakimiyyətinin kollektivi, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təhsil sektorunun əməkdaşları, təhsil işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, regional və digər idarə, müəssisə, həmçinin təşkilat rəhbərləri və əməkdaşları, şəhid ailələri və qazilər iştirak etmişdir.

Tədbirin bədii hissəsində şagirdlərin iştirakı ilə rəngarəng rəqs nömrələri, musiqili çıxışlar və səhnəciklər təqdim olunmuş, milli ruhu əks etdirən proqram tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Bayram şənliyi boyunca Novruzun birlik, həmrəylik və yenilənmə ideyaları xüsusi vurğulanmışdır.

Belə tədbirlərin keçirilməsində əsas məqsəd böyüməkdə olan nəslə milli-mənəvi dəyərlərimizi aşılamaq, onların adət-ənənələrimizə bağlılığını gücləndirmək və xalqımızın mədəni irsini yaşatmaqdan ibarətdir.