2025-ci il noyabrın 12-də Quba-Xaçmaz Regional Təhsil İdarəsi ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayon komitələri arasında 2025–2027-ci illəri əhatə edən Kollektiv Müqavilə imzalanıb.

Görüşdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində sədrin müşaviri–katib Renata Mənsurova, eləcə də rayon və şəhər komitələrinin sədrləri iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Coşqun Əliyev Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təhsil işçilərinin hüquqlarının müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətləri yüksək qiymətləndirib, həmkarlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra çıxış edən Renata Mənsurova kollektiv müqavilələrin bağlanmasının əmək münasibətlərinin tənzimlənməsi, təhsil işçilərinin sosial-iqtisadi maraqlarının qorunması və sağlam iş mühitinin yaradılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Görüş zamanı Kollektiv Müqavilənin əsas müddəaları müzakirə olunub, təhsil işçilərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi, eləcə də əməyin mühafizəsi və təhlükəsiz iş şəraitinin təmin olunması məsələlərinə diqqət yetirilib.

#EduAz #QubaXaçmazRTİ #MÜTDA