Məktəbəhazırlıq qruplarına 4345 uşaq cəlb olunub

2026–2027-ci tədris ilində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb. Cari tədris ilində məktəbəhazırlıq qruplarına ümumilikdə 4345 uşaq cəlb olunub.

Oktyabrın 1-dən etibarən Quba rayonunda 1283, Qusar rayonunda 756, Xaçmaz rayonunda 1523, Şabran rayonunda 483, Siyəzən rayonunda isə 300 uşaq məktəbəhazırlıq məşğələlərinə qatılır.

Məşğələlər həftədə 4 gün olmaqla, ümumilikdə 12 dərs saatı təşkil edir. Tədris prosesi çərçivəsində uşaqlarda ətraf aləm haqqında ilkin təsəvvürlərin formalaşdırılması, savad təliminə hazırlıq və nitq inkişafı, məntiqi-riyazi təfəkkür, təsviri fəaliyyət, musiqi və fiziki mədəniyyət istiqamətləri üzrə bilik və bacarıqlar inkişaf etdirilir.

Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların məktəb həyatına hazırlığını təmin etmək, onların təhsil mühitinə uyğunlaşmasına şərait yaratmaq, həmçinin ünsiyyət və sosial bacarıqlarını inkişaf etdirməkdir.