Qubada “Artexnolab” Uşaq Festivalı Keçirilib

17 dekabr 2024-cü il tarixində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Quba şəhərində “Artexnolab” uşaq festivalı baş tutub.

Festivalın əsas məqsədi şagirdlərin elmi və yaradıcılıq potensialının inkişaf etdirilməsi, onların elmi-texniki biliklərinin artırılması, yaradıcı düşüncə tərzinin formalaşdırılması, tədqiqat işlərinə maraq və həvəsin artırılması olub.

Festivalda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrində təhsil alan 10-13 və 14-16 yaş kateqoriyalarında şagirdlər komanda və fərdi şəkildə iştirak ediblər. Tədbir animasiya, qrafiki dizayn, fotoqrafiya, ekorobot və proqramlaşdırma kimi istiqamətləri əhatə edib. Hər bir istiqamət üzrə peşəkar mütəxəssislərin keçirdiyi master-klasslarda iştirakçılar yeni bilik və bacarıqlar qazanıblar.

Tədbirin rəsmi açılış mərasimində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə çıxış edərək festivalın əhəmiyyətindən danışıb. Qonaq qismində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Quba rayonu Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta məktəbinin direktoru Könül Həsənova və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun məsləhətçisi Xəyal Kərimov da çıxış ediblər.

Tədbirin davamında paralel sessiyalar şəklində müxtəlif nominasiyalar üzrə fəaliyyətlər həyata keçirilib. Münsiflərin qiymətləndirmələri əsasında hər nominasiyada 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərinə diplom və mükafatlar, digər iştirakçılara isə sertifikat və hədiyyələr təqdim olunub.

Ümumilikdə, festivalda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrindən 100 şagird iştirak edib.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ #artexnolab