Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə “Peşəni tanı – gələcəyini qur” adlı açıq qapı günü keçirilib
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin peşə təmayüllü sinif şagirdləri üçün “Peşəni tanı – gələcəyini qur” adlı açıq qapı günü təşkil olunub.
Açıq qapı gününün keçirilməsində başlıca məqsədlərdən biri peşə təmayüllü təhsilin əhəmiyyətini vurğulamaq, şagirdlərin praktiki fəaliyyətlərini əyani şəkildə təqdim etmək və bu sahəyə maraq göstərən valideynləri, ictimaiyyət nümayəndələrini, eləcə də potensial işəgötürənləri prosesə cəlb etməkdir.
Peşə təmayüllü siniflərdə bu cür tədbirlərin təşkili təhsil müəssisəsi ilə cəmiyyət arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə xidmət edir. Tədbirin əsas məqsədi şagirdlərin seçdikləri peşə istiqamətində qazandıqları bilik, bacarıq və vərdişləri nümayiş etdirmək, onların inkişaf səviyyəsini ictimaiyyətə çatdırmaqdır.
Eyni zamanda, bu tədbir şagirdlərə öz peşə bacarıqlarını sərgiləmək, özlərinə inam hissini gücləndirmək və gələcək karyeraları ilə bağlı daha məqsədyönlü düşünmək imkanı yaradır.
Bu cür təşəbbüslər məktəb, şagird, valideyn və iş dünyası arasında körpü rolunu oynayaraq təhsilin real həyatla əlaqələndirilməsinə, peşə yönümlü təhsilin nüfuzunun artırılmasına və əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasına mühüm töhfə verir.
#MÜTDA #EduAz #QubaXaçmazRTİ #peşətəmayüllüsiniflər





Yeni Şərh