“Zəfərin uşaqları ilə oxu marafonu” layihəsi üzrə məlumatlandırıcı görüş keçirilib

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin iştirakı ilə keçiriləcək “Zəfərin uşaqları ilə oxu marafonu” adlı mütaliə yarışması ilə bağlı məktəb direktorları və kitabxana müdirləri üçün məlumatlandırıcı görüş təşkil olunub.

Layihə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Agentliyinin dəstəyi, Azərbaycan nəşriyyatları assosiasiyasının təşkilatçılığı və Quba iş adamlarına dəstək (QİAD) platformasının tərəfdaşlığı ilə həyata keçirilir.

Müsabiqədə Quba, Qusar və Xaçmaz rayonlarından olan 6 ümumtəhsil müəssisəsinin iştirakı nəzərdə tutulur. Ümumilikdə 108 müəllim və 300 şagirdin cəlb olunacağı mütaliə marafonunun əsas məqsədi şagirdlər arasında oxu vərdişlərini formalaşdırmaq, Zəfərin 5-ci ildönümü münasibətilə vətənpərvərlik ruhunu aşılamaq, milli-mənəvi dəyərləri təbliğ etmək və Azərbaycan dilinin zənginliyini önə çəkməkdir.

Layihə çərçivəsində iştirakçı məktəblərə 5 adda kitabdan ibarət 15 nüsxə hədiyyə ediləcək. Gələcək 3 ay ərzində bu kitabların 50 şagird arasında növbəli şəkildə oxunması təmin ediləcək. Kitabların oxu müddəti 18 iyul – 15 oktyabr 2025-ci il tarixlərini əhatə edir.

#MÜTDA #EduAz #QubaXaçmazRTİ