Eksternat qaydada keçiriləcək imtahanda iştirak etmək istəyənlərin nəzərinə!
Əvvəlki illərdə ümumi təhsil müəssisələrində oxuyub ümumi orta və tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün 17 noyabr 2025-ci il tarixdən 10 dekabr 2025-ci il saat 18:00-dək eksternat təhsilalma forması üzrə ümumi orta və ya tam orta təhsil haqqında təhsil sənədi almaq məqsədilə sənəd qəbulu həyata keçiriləcək.
İmtahanda iştirak etmək istəyən şəxslər aşağıdakı tələb olunan sənədləri Quba-Xaçmaz Regional Təhsil İdarəsinin strukturuna daxil olan rayon (şəhər) üzrə təhsil sektorlarına yaxınlaşaraq təqdim edə bilərlər:
Eksternat qaydada aralıq imtahanlarında əvvəlki illərdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslər iştirak edə bilərlər.
İmtahanda iştirak etmək istəyən şəxslər aşağıdakı tələb olunan sənədləri Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rayonlar üzrə təhsil sektorlarına təqdim etməlidirlər:
Tələb olunan sənədlər:
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdirinin adına ünvanlanmış ərizə (eksternat qaydada keçirilən aralıq imtahanında iştirak etmək üçün);
Şəxsiyyət vəsiqəsinin notarius tərəfindən təsdiq olunmuş surəti;
Fotoşəkil (3x4 ölçüdə - 2 ədəd);
Yaşayış yerindən arayış;
Əvvəllər təhsil aldığınız müəssisədən əldə etdiyiniz təhsildən yayınma səbəbi və tədris ili (neçənci sinfi nə vaxt bitirməsi) göstərilmiş arayışın surəti;
Tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak üçün (11-ci sinif üzrə) müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın (şəhadətnamənin) notarius tərəfindən təsdiq olunmuş surəti.
Müraciət edən şəxslərin yaşı ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq üçün isə 18-dən aşağı olmamalıdır.
Müraciət edən şəxslər buraxılış imtahanlarından öncə əsas fənlərdən ibarət aralıq imtahanında iştirak edəcək. Rus bölməsi üzrə təhsil almış şəxslər əlavə olaraq Azərbaycan dili fənnindən də imtahan verəcəklər.
Nəticələr Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarına kimi açıqlanacaq. İmtahanlarda uğur qazanmış eksternlər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ qazanacaqlar.
Əlavə sualı olan vətəndaşlar Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinin (“146-0-7”) əlaqə nömrəsinə zəng etməklə məlumat ala bilərlər.
Yeni Şərh