Elm və təhsil nazirinin müşaviri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev və müvafiq mütəxəssis heyətinin iştirakı ilə Quba rayonu Bayram Şixəmirov adına Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbində görüş təşkil olunmuşdur.
Görüşdən əvvəl Quba rayonu Bayram Şixəmirov adına Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbində təhsil alan şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Şagirdlərlə söhbət aparılıb.
Görüşdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ibtidai sinif müəllimləri iştirak etmişdir.
Görüşün əsas məqsədi tədris prosesinin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin qarşılaşdıqları çətinliklərin müəyyənləşdirilməsi və onların həlli yollarının müzakirəsi olmuşdur. Tədbir zamanı dərsliklərin məzmunu, metodik vəsaitlərin tətbiqi, kurikulumun icrası ilə bağlı aktual məsələlər geniş şəkildə müzakirə edilmişdir.
Müəllimlər çıxış edərək mövcud vəziyyətlə bağlı fikirlərini bölüşmüş, tədrisin daha səmərəli təşkili üçün təkliflərini səsləndirmişlər. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə səsləndirilən rəy və təkliflər qeydə alınmış, gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində nəzərə alınacağı bildirilib.
Sonda belə görüşlərin davamlı keçirilməsinin vacibliyi vurğulanmış, müəllimlərlə açıq dialoqun təhsil sahəsində keyfiyyətin artırılmasına mühüm töhfə verdiyi qeyd olunmuşdur.
Yeni Şərh