Qusar və Siyəzən rayonlarında 2026–2027-ci tədris ili üzrə sentyabr konfransının ikinci günü çərçivəsində fənlər üzrə sessiyalar və panel müzakirələri təşkil olunub.

Müzakirələr idarəetmə, ayrı-ayrı fənlərin tədrisi, məktəbəqədər və məktəbdənkənar təhsil, eləcə də digər istiqamətlər üzrə aktual məsələləri əhatə edib.

Moderatorların iştirakı ilə keçirilən sessiyalarda tədris prosesinə dair yeni yanaşmalar, təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, mənimsəmə səviyyəsinin artırılması və təlim nəticələrinin yaxşılaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub.

Bununla yanaşı, oxuyub-anlama və danışma bacarıqlarının inkişafında mütaliənin əhəmiyyəti, dərslərin səmərəli planlaşdırılması və təşkili, şagirdlərin yol verdiyi tipik səhvlərin müəyyənləşdirilməsi, diaqnostik tapşırıqlardan istifadə, diferensial tədrisin tətbiqi və zəif nəticə göstərən şagirdlərlə məqsədyönlü işin təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Sessiyalar zamanı müəyyən edilmiş istiqamətlər üzrə gözlənilən nəticələr və əsas hədəflər diqqətə çatdırılıb, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün həyata keçiriləcək tədbirlər barədə müzakirələr aparılıb. Müzakirələrin nəticəsi olaraq konkret təkliflər irəli sürülüb və 2026–2027-ci tədris ili üçün prioritet istiqamətlər müəyyənləşdirilib.

Yekun mərhələdə müəyyən edilmiş fəaliyyətlər üzrə məsul şəxslər və icra müddətləri dəqiqləşdirilib, qəbul olunan qərarlar müvafiq protokollarla rəsmiləşdirilib. Hazırlanan protokollar növbəti mərhələdə regional təhsil idarəsinə təqdim olunacaq.