2026–2027-ci tədris ili üzrə Qusar rayon təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Tədbirdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova, Qusar rayonu üzrə təhsil sektorunun müdiri Nairə Kliçova, Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev, Qusar rayonu üzrə ümumi təhsil müəssisələrinin direktorları və pedaqoji kollektivlərin nümayəndələri iştirak ediblər.

Konfransda Qusar rayonu üzrə ötən tədris ilinin nəticələri ətraflı nəzərdən keçirilib, məktəblərin fəaliyyət göstəriciləri və şagird nailiyyətləri təhlil olunub. Əldə edilən uğurlarla yanaşı, təhsil prosesində diqqət tələb edən məsələlər müəyyənləşdirilərək onların həlli istiqamətində görüləcək işlər müzakirə edilib.

Tədbir zamanı 2026–2027-ci tədris ili üçün müəyyənləşdirilən əsas prioritetlər və fəaliyyət istiqamətləri barədə təqdimat keçirilib. Qarşıya qoyulan hədəflərin daha yüksək nəticələrə nail olmaq, təhsilin keyfiyyətini artırmaq və məktəblərin fəaliyyətində səmərəliliyi təmin etmək məqsədi daşıdığı qeyd olunub.

Müzakirələr zamanı şagirdlərin təlim nəticələrinin yaxşılaşdırılması, müəllimlərin peşəkar inkişafına dəstəyin gücləndirilməsi, məktəbdaxili idarəetmənin təkmilləşdirilməsi və tədris prosesinin müasir tələblərə uyğun qurulması məsələlərinə xüsusi diqqət yetirilib.

Eyni zamanda, şagirdlərin olimpiada və müxtəlif müsabiqələrə hazırlığının gücləndirilməsi, istedadlı şagirdlərlə işin daha sistemli təşkili, məktəb-valideyn əməkdaşlığının genişləndirilməsi və təhsilalanlar üçün sağlam və əlverişli təhsil mühitinin yaradılması istiqamətində fikir mübadiləsi aparılıb.

Konfransın sonunda yeni tədris ili üzrə müəyyən edilmiş hədəflərin icrası ilə bağlı qarşıda duran vəzifələr diqqətə çatdırılıb, təhsil müəssisələrinin fəaliyyətinin nəticəyönümlü təşkili və əldə olunan göstəricilərin davamlı şəkildə yaxşılaşdırılması üçün məqsədyönlü fəaliyyətin vacibliyi vurğulanıb.