Siyəzəndə təhsil və ictimai təhlükəsizlik mövzusunda geniş tərkibli görüş keçirilib

Siyəzən Rayon İcra Hakimiyyəti, Siyəzən Rayon Polis Şöbəsi və Siyəzən rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib.

Görüşdə rayonun idarə və müəssisə rəhbərləri, ümumi təhsil müəssisələrinin direktorları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin təhsilə cəlb olunması, dərsdən yayınma hallarının vaxtında qarşısının alınması, habelə təhsil müəssisələrində nizam-intizamın gücləndirilməsi və neqativ hallara qarşı ictimai qınağın formalaşdırılması olub.

Çıxış edənlər şagirdlərin təlim-tərbiyə prosesində ailə-məktəb əməkdaşlığının vacibliyini qeyd edərək, cəmiyyətin bütün təbəqələrinin bu prosesdə yaxından iştirak etməsinin zəruriliyini vurğulayıblar. Eyni zamanda, yeniyetmələr arasında hüquqpozmaların profilaktikası, zərərli vərdişlərdən qorunma və məktəblilərin sosial aktivliyinin artırılması istiqamətində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, təhsilin keyfiyyətinin yüksəldilməsi və gənc nəslin savadlı, vətənpərvər ruhda yetişdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Tədbirin sonunda qarşıda duran vəzifələr müzakirə edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və bu istiqamətdə birgə fəaliyyətin davamlı olmasının vacibliyi qeyd olunub.