4 may tarixində Qusar rayonunda məktəb-valideyn əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə regional valideyn konfransı təşkil olunub. Tədbirdə Qusar rayonu üzrə təhsil sektorunun əməkdaşları, ümumtəhsil müəssisələrinin direktorları, məktəb psixoloqları, pedaqoji heyət və valideynlər iştirak ediblər.

Çıxışlar zamanı vurğulanıb ki, məktəb və ailə arasında sağlam və davamlı əlaqələrin qurulması şagirdlərin həm akademik, həm də sosial inkişafına mühüm təsir göstərir.

Konfransın əsas məqsədi valideynlərlə təhsil müəssisələri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi, valideynlərin tədris prosesində fəallığının artırılması, şagirdlərin inkişaf göstəriciləri barədə mütəmadi məlumat mübadiləsinin təmin edilməsi və bu istiqamətdə daha sistemli yanaşmanın formalaşdırılması olub.

Tədbir çərçivəsində uşaqların psixoloji vəziyyəti və emosional sabitliyi, rəqəmsal mühitdə təhlükəsizlik, sağlam həyat tərzinin təşviqi, düzgün qidalanma vərdişlərinin aşılanması, təhsilin keyfiyyətinin yüksəldilməsi, həmçinin müəllim-şagird və valideyn-məktəb münasibətlərinin təkmilləşdirilməsi kimi vacib mövzular müzakirə edilib.

Eyni zamanda erkən nikahların mənfi təsirləri və zərərli vərdişlərin qarşısının alınması ilə bağlı maarifləndirici məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirin sonunda iştirakçıların rəy və təklifləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Bu kimi görüşlərin mütəmadi keçirilməsinin vacibliyi qeyd olunaraq, valideynlərin təhsil prosesində daha aktiv rol almasının əhəmiyyəti xüsusi vurğulanıb.