Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Qusar rayonu üzrə ümumi təhsil müəssisələrinin direktorları ilə işgüzar görüş təşkil olunub.

Görüşdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova və Qusar rayonu üzrə təhsil sektorunun müdiri Naira Kliçova ştirak edib.

İclas zamanı təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılması, şagirdlərin təlim nəticələrinin yaxşılaşdırılması və qiymətləndirmə göstəricilərinin təhlili istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri, eləcə də V siniflərdə informatika fənni üzrə keçirilmiş diaqnostik qiymətləndirmələrin statistik göstəriciləri müzakirə olunub.

Bununla yanaşı, IV və VI siniflər üzrə keçiriləcək monitorinqlərin təşkili məsələləri, hazırlıq prosesi və monitorinqlər zamanı diqqətdə saxlanılacaq əsas məqamlar barədə məktəb rəhbərlərinə məlumat verilib, müvafiq tövsiyə və tapşırıqlar çatdırılıb.

Sonda tədris prosesinin effektiv təşkili, müəllim və şagird fəaliyyətinin izlənilməsi, həmçinin nəticəyönümlü fəaliyyətin daha da gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb.