Quba-Şabran rayonlarında 2026–2027-ci tədris ili üzrə sentyabr konfransının ikinci günü çərçivəsində fənlər üzrə sessiyalar və panel müzakirələri keçirilib.
Müzakirələr idarəetmə, fənlər, məktəbəqədər və məktəbdənkənar təhsil, eləcə də digər istiqamətləri əhatə edən müxtəlif mövzular üzrə təşkil olunub.
Moderatorların iştirakı ilə keçirilən sessiyalarda fənlərin tədrisinə dair yeni tələblər, tədrisin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin mənimsəmə səviyyəsinin artırılması və təlim nəticələrinin yaxşılaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib. Həmçinin oxuyub-anlama və danışma bacarıqlarının inkişafında mütaliənin rolu, dərslərin təşkili və planlaşdırılması, şagirdlərin yol verdiyi tipik səhvlər, diaqnostik tapşırıqlardan istifadə, diferensial tədris və zəif nəticə göstərən şagirdlərlə iş məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Sessiyalar zamanı moderatorlara müzakirələrin təşkili qaydaları, gözlənilən nəticələr, müəyyənləşdiriləcək hədəflər və həyata keçiriləcək tədbirlər barədə məlumat verilib. Müzakirələrin nəticələrinə uyğun olaraq konkret təkliflər irəli sürülüb, 2026–2027-ci tədris ili üzrə əsas hədəflər və həmin hədəflərə nail olmaq üçün həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib.
Yekun müzakirələr zamanı fəaliyyətlər üzrə məsul şəxslər və icra müddətləri müəyyənləşdirilərək müvafiq protokollarla rəsmiləşdirilib. Hazırlanan protokollar regional təhsil idarəsinə təqdim olunacaq.
Yeni Şərh