Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova tərəfindən 2026–2027-ci tədris ili üzrə müasir metodik xidmət çərçivəsində məktəblərə təyin edilmiş metodistlərlə görüş keçirilib.

Görüşdə yeni tədris ilində qarşıya qoyulan əsas hədəflər və fəaliyyət istiqamətləri nəzərdən keçirilib. Metodistlərin fəaliyyətinin daha səmərəli və nəticəyönümlü qurulması məqsədilə son üç il ərzində IV və VI siniflər üzrə keçirilmiş milli qiymətləndirmələrin nəticələrinə dair hazırlanmış təhlil təqdim olunub.

Təqdimat zamanı metodistlərin məktəblərdə fəaliyyətə başlamasından əvvəlki göstəricilər ilə fəaliyyət dövründən sonrakı nəticələr müqayisə edilib, şagird nailiyyətlərindəki dəyişikliklər və inkişaf meyilləri diqqətə çatdırılıb.

Görüşün davamında metodistlərin yeni tədris ilində həyata keçirəcəkləri fəaliyyətlər, qarşıda duran vəzifələr və gözləntilər ətrafında müzakirələr aparılıb. Metodistlərin fəaliyyəti zamanı qarşılaşdıqları çətinliklər dinlənilib, mövcud məsələlərin həlli yolları və metodik dəstəyin daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, metodistlərin məktəblərdə fəaliyyətinin əsas istiqamətlərindən biri tədrisin keyfiyyətinin yüksəldilməsinə dəstək göstərmək, müəllimlərin peşəkar inkişafına töhfə vermək və şagirdlərin təlim nəticələrinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü iş aparmaqdır. Bu istiqamətdə fəaliyyətin sistemli şəkildə təşkili və əldə olunan nəticələrin mütəmadi təhlili vacib amil kimi vurğulanıb.