Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində metodik işin təşkili və qida təminatı məsələlərinə həsr olunmuş onlayn görüş keçirilmişdir.

Görüşdə idarənin Tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova və Maliyyə sektorunun müdiri Aqil Ağayev iştirak etmişlər. Tədbir çərçivəsində məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesinin səmərəli təşkili, metodik işin gücləndirilməsi, eləcə də qida təminatının mövcud vəziyyəti və bu sahədə görüləcək işlər müzakirə olunmuşdur.

Eyni zamanda, qida təhlükəsizliyi, balanslı qidalanmanın təmin edilməsi və mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilmiş, məsul şəxslərə tövsiyələr çatdırılmışdır. Görüşün sonunda qarşıda duran vəzifələr müəyyənləşdirilmiş və bu istiqamətdə fəaliyyətin daha da təkmilləşdirilməsinin vacibliyi vurğulanmışdır.