2026–2027-ci tədris ili üzrə Quba rayonu təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Tədbirdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova, Quba Rayon Təhsil Sektorunun müdiri Pərviz Nurməmmədov, Quba rayonu üzrə ümumi təhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak ediblər.
Konfrans zamanı rayon üzrə təhsilin ötən tədris ilindəki nəticələri ətraflı təhlil olunub, əldə olunan nailiyyətlər və mövcud problemlər diqqətə çatdırılıb. Təhsil müəssisələrinin fəaliyyətinin əsas göstəriciləri, şagird nailiyyətləri və tədrisin keyfiyyətinə təsir edən amillər barədə geniş məlumat verilib, inkişaf etdirilməsi zəruri olan istiqamətlər müəyyənləşdirilib.
Növbəti tədris ili üçün qarşıya qoyulan ölçülə bilən hədəflər, prioritet istiqamətlər və həyata keçirilməsi zəruri olan tədbirlər barədə geniş təqdimat keçirilib. Qarşıya qoyulan hədəflərin real nəticələrə əsaslanması, onların icrasının mütəmadi izlənilməsi və əldə olunan nəticələrin təhlil edilərək növbəti fəaliyyət planlarının müəyyənləşdirilməsinin vacibliyi vurğulanıb.
Konfransda yeni tədris ilində təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, idarəetmənin səmərəliliyinin gücləndirilməsi və mövcud problemlərin aradan qaldırılması istiqamətində qarşıda duran əsas vəzifələr müzakirə olunub.
Həmçinin məktəblərdə tədris prosesinin səmərəli təşkili, şagirdlərin fərdi potensialının və istedadlarının üzə çıxarılması, təhsildə müasir yanaşmaların tətbiqi, məktəb rəhbərlərinin məsuliyyətinin artırılması və məktəb-valideyn əməkdaşlığının daha da gücləndirilməsi ilə bağlı fikir və təkliflər səsləndirilib.
Konfransın sonunda 2026–2027-ci tədris ilində Quba rayonu üzrə ümumi təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələr diqqətə çatdırılıb, müəyyən edilmiş hədəflərin icrası və təhsil göstəricilərinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətin həyata keçirilməsinin vacibliyi qeyd olunub.
Yeni Şərh