Qusarda yüksək nəticə göstərən məzun və şagirdlərlə görüş keçirilib

9 sentyabr 2026-cı il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Qusar rayonu üzrə ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ilini uğurla başa vuran, ali təhsil müəssisələrinə yüksək balla qəbul olunan məzunlar və müxtəlif istiqamətlər üzrə yüksək nəticələr əldə edən şagirdlərlə görüş keçirilib.

Görüşdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Qusar rayonu üzrə təhsil sektorunun əməkdaşları, ümumi təhsil müəssisələrinin direktorları, məzunlar və yüksək nəticə göstərən şagirdlər iştirak ediblər.

Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev məzun və şagirdləri qazandıqları uğurlar münasibətilə təbrik edib, əldə olunan nəticələrin müəllimlərin fədakar əməyinin və valideynlərin dəstəyinin göstəricisi olduğunu vurğulayıblar.

Çıxışlarda ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından bəhs olunub, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi təhsil siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və müasir tələblərə uyğun olaraq daha da inkişaf etdirildiyi diqqətə çatdırılıb.

Görüş çərçivəsində ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanan məzunlar çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Məzunlar gələcək hədəfləri və təhsil həyatları ilə bağlı düşüncələrini bölüşüblər.

Sonda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlara Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub.