30 aprel tarixində Quba rayonunda məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi məqsədilə regional valideyn konfransı keçirilib.
Tədbirdə Quba rayonu üzrə təhsil sektorunun müdiri Pərviz Nurməmmədov, təhsil müəssisələrinin rəhbərləri, psixoloqlar, müəllimlər və valideynlər iştirak ediblər. Çıxış edənlər məktəb və ailə arasında sağlam və davamlı əməkdaşlığın qurulmasının şagirdlərin inkişafına müsbət təsir göstərdiyini vurğulayıblar.
Konfransın əsas məqsədi məktəb və ailə arasında əməkdaşlığı gücləndirmək, valideynlərin təhsil prosesində fəal iştirakını təmin etmək, uşaqların inkişaf göstəriciləri barədə valideynləri mütəmadi məlumatlandırmaq və məktəb-valideyn münasibətlərini daha sistemli şəkildə təşkil etməkdən ibarət olub.
Konfrans zamanı uşaqların psixoloji və emosional inkişafı, rəqəmsal təhlükəsizlik və onlayn mühitdə qorunma, sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri, təhsildə keyfiyyətin artırılması, müəllim-şagird və valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsi kimi aktual mövzular geniş müzakirə olunub. Həmçinin erkən nikah hallarının qarşısının alınması və zərərli vərdişlərlə mübarizə istiqamətində maarifləndirici məlumatlar təqdim edilib.
Tədbir çərçivəsində iştirakçıların rəy və təklifləri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb. Sonda bu kimi görüşlərin davamlı keçirilməsinin əhəmiyyəti qeyd olunub və valideynlərin təhsil prosesində daha fəal iştirakının vacibliyi bir daha diqqətə çatdırılıb.
Yeni Şərh