2026–2027-ci tədris ili üzrə Şabran rayonu təhsil İşçilərinin sentyabr konfransı keçirilib.
Tədbirdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova, Şabran rayonu üzrə Təhsil Sektorunun müdiri Emin Mövsümov, Şabran Rayon İcra Hakimiyyəti başçısı Aparatının baş məsləhətçisi Turan İskəndərova və Şabran rayonu üzrə ümumi təhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak ediblər.
Konfrans çərçivəsində Şabran rayonu üzrə ötən tədris ilində təhsil sahəsində əldə olunan nəticələr geniş şəkildə nəzərdən keçirilib, əsas göstəricilər təhlil olunaraq qarşıda duran məsələlər diqqətə çatdırılıb. Eyni zamanda, fəaliyyət zamanı müşahidə olunan çətinliklər və onların aradan qaldırılması üçün zəruri addımlar müəyyənləşdirilib.
Növbəti tədris ili ilə bağlı təhsil müəssisələrinin qarşısında duran əsas hədəflər, prioritet istiqamətlər və gözlənilən nəticələr barədə ətraflı təqdimat edilib. Hədəflərin konkret və ölçülə bilən göstəricilər əsasında müəyyənləşdirilməsi, görüləcək işlərin mərhələli şəkildə həyata keçirilməsi və nəticələrin mütəmadi qiymətləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Konfransda yeni tədris ilində təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, şagirdlərin akademik nailiyyətlərinin yaxşılaşdırılması, müəllimlərin peşəkar inkişafına dəstəyin artırılması, məktəblərdə səmərəli idarəetmənin təmin olunması və mövcud problemlərin çevik şəkildə həll edilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Bununla yanaşı, tədris prosesinin müasir tələblərə uyğun təşkili, şagirdlərin potensialının inkişaf etdirilməsi, istedadlı və xüsusi dəstəyə ehtiyacı olan şagirdlərlə işin gücləndirilməsi, məktəb-valideyn əməkdaşlığının genişləndirilməsi və sağlam təhsil mühitinin formalaşdırılması istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
Sonda yeni tədris ili üzrə müəyyən edilmiş hədəflərin icrasının təmin edilməsi, fəaliyyətin nəticələrə əsasən qiymətləndirilməsi və Şabran rayonu üzrə təhsil göstəricilərinin daha da yaxşılaşdırılması məqsədilə qarşıda duran vəzifələr bir daha diqqətə çatdırılıb.
Yeni Şərh