Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin Respublika Fənn Olimpiadalarının final mərhələsinə vəsiqə qazanan şagirdləri ilə görüş keçirilib. Görüşdə şagirdlərlə yanaşı, onların məktəb direktorları və fənn müəllimləri də iştirak ediblər.
Tədbirdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova iştirak edib. Görüş zamanı olimpiadanın final mərhələsinə vəsiqə qazanan şagirdlərlə söhbət aparılıb, onların hazırlıq prosesi və əldə etdikləri nailiyyətlər yüksək qiymətləndirilib.
Aynurə Dadaşova çıxışı zamanı şagirdlərin bu uğurunun onların zəhmətinin, müəllimlərin əməyi və məktəblərdə aparılan məqsədyönlü tədris prosesinin nəticəsi olduğunu qeyd edib. O, final mərhələsində iştirak edəcək şagirdlərə uğurlar arzulayıb və onların ölkəmizi layiqincə təmsil edəcəklərinə inamını ifadə edib.
Eyni zamanda, görüşdə dəfələrlə Respublika Fənn Olimpiadalarında və müxtəlif müsabiqələrdə uğur qazanmış şagirdlər də iştirak edərək öz təcrübələrini bölüşüb, ilk dəfə bu müsabiqədə iştirak edən şagirdlərə tövsiyələr veriblər.
Görüş səmimi müzakirələr şəraitində davam edib, şagirdlərə əlavə tövsiyələr verilib və qarşıdakı mərhələdə onlara uğurlar arzu olunub.
Yeni Şərh