VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub

 Ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdləri və xüsusi istedadı ilə seçilən VIII sinif şagirdləri arasında keçirilən VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb.

 İki mərhələdən ibarət olimpiadanın respublika turunda astronomiya üzrə bilik və bacarıqlarını yoxlamaq məqsədilə təxminən 2200 şagird qeydiyyatdan keçib. İlk turda ümumi balın ən azı 65%-ni toplayan iştirakçılar final mərhələsinə vəsiqə qazanıblar.

 Mayın 16-da Bakı Dövlət Universiteti və Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə keçirilən final mərhələsində respublika turunu uğurla keçən 224 şagird iştirak edib.

 Təşkilat Komitəsinin qərarına əsasən, 5 şagird birinci, 9 şagird ikinci, 15 şagird isə üçüncü yerə layiq görülüb.

 Qaliblər medal və hədiyyələrlə mükafatlandırılacaq, həmçinin bu il Vyetnamda keçiriləcək XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə dəvət olunacaqlar. Hazırlıq dərsləri Bakı Dövlət Universiteti və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən təşkil ediləcək.

 Qeyd edək ki, olimpiada bir sıra təşkilatların əməkdaşlığı ilə həyata keçirilir və Azərbaycan komandalarının beynəlxalq hazırlıq prosesinə dəstək göstərilir.