“Sabahın Alimləri” XV Respublika Müsabiqəsinin qalibləri ilə görüş keçirildi
“Sabahın Alimləri” XV Respublika Müsabiqəsinin final mərhələsində uğur qazanan şagirdlərlə görüş təşkil olunub. Görüşdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev iştirak edib.
Görüşdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin uğur qazanan şagirdləri, layihə rəhbərləri və məktəb direktorları da iştirak ediblər.
Tədbir zamanı şagirdlər müsabiqədə təqdim etdikləri layihələr haqqında məlumat verərək, əldə etdikləri nəticələr və araşdırmalar barədə fikirlərini bölüşüblər. Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev şagirdləri qazandıqları uğurlar münasibətilə təbrik edib, onların elmi fəaliyyətə marağının artırılmasının əhəmiyyətini vurğulayıb və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda müsabiqədə uğur qazanan şagirdlər və layihə rəhbəri olan müəllimlər Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən fəxri diplomlarla təltif olunublar. Bu cür uğurların şagirdlərin elmi düşüncəsinin formalaşmasına və gələcəkdə ölkəmizin elmi potensialının inkişafına mühüm töhfə verdiyi qeyd olunub.
Yeni Şərh