“Sabahın Alimləri” XV Respublika Müsabiqəsinin final mərhələsində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərimiz uğur qazanıblar.

Müsabiqəyə ümumilikdə 760 layihə təqdim olunmuşdur. Seçim mərhələsinin nəticələrinə əsasən 127-si kollektiv, 25-i fərdi olmaqla ümumilikdə 152 layihə final mərhələsinə yüksəlmişdir. Yüksək rəqabət şəraitində keçirilən müsabiqədə 61 layihə mükafatlandırılmışdır.

Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə isə 32 layihə təqdim edilmiş, onlardan 6 layihə final mərhələsinə vəsiqə qazanmışdır.

Final mərhələsinin nəticələrinə əsasən Şabran şəhəri Samir Zülfüqarov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri gümüş medal qazanmışdır. Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi və Qusar rayonu Urva kənd tam orta ümumtəhsil məktəbinin şagirdləri isə bürünc medala layiq görülmüşdür.

Bundan əlavə, Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbinin, Xaçmaz şəhəri Çingiz Abdullayev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin və Siyəzən şəhəri Cəfər Cabbarlı adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri müsabiqədə iştiraklarına görə iştirakçı mükafatına layiq görülmüşdür.

Final mərhələsində iştirak edən bütün şagirdlərimizi təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.