Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova tərəfindən IV və VI sinif şagirdləri üçün təşkil olunacaq monitorinqlərdə imtahan rəhbəri və otaq nəzarətçisi qismində iştirak edəcək əməkdaşlarla növbəti görüş keçirilib.
Görüş zamanı monitorinqlərin təşkili ilə bağlı ümumi vəziyyət, hazırlıq mərhələləri və məktəblərin hazırlıq səviyyəsi müzakirə olunub. Monitorinqlərin obyektiv və şəffaf şəkildə həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
17 may tarixində ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində, 18 may tarixində isə VI siniflərində monitorinqlər təşkil olunacaq. IV siniflərdə monitorinq tədris dili və riyaziyyat fənləri, VI siniflərdə isə tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılacaq.
IV sinif şagirdlərinə tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 25 qapalı və 5 açıq sual təqdim olunacaq. VI sinif şagirdlərinə tədris dili və təbiət fənlərinin hər biri üzrə 25 qapalı, riyaziyyat fənni üzrə isə 20 qapalı və 5 açıq sual təqdim ediləcək. Səhv cavablar düzgün cavablara təsir göstərmir.
Monitorinq prosesi IV siniflər üçün 150 dəqiqə, VI siniflər üçün isə 180 dəqiqə müddətində təşkil olunacaq.
Monitorinqin nəticələri şagirdlərin summativ qiymətləndirmə ballarına və sinifdən-sinfə keçmələrinə təsir göstərmir.



Yeni Şərh