03 dekabr 2025-ci il tarixində Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumitəhsil məktəbində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavini Pərvin Ağasiyev və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Aynurə Dadaşova, Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF) 2025, Məktəblilərarası Milli Hakaton – 2025 müsabiqəsi, Breyn-rinq və “Nə? Harada? Nə zaman?” intellektual yarışlarında yüksək nəticələr əldə etmiş şagirdlərlə görüş keçiriblər.

Görüş zamanı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan Beynəlxalq STEAM Azərbaycan Festivalı (SAF) 2025-də gümüş və bürünc medal qazanan, eləcə də müxtəlif nominasiyalar üzrə qalib olmuş komandalar, Məktəblilərarası Milli Hakaton – 2025 müsabiqəsində yüksək nəticə göstərərək final mərhələsində mübarizə aparan iştirakçılar, həmçinin Quba rayonu Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyinin Breyn-rinq intellektual oyununda uğur əldə etmiş və “Nə? Harada? Nə zaman?” intellektual yarışında respublika çempionu olmuş şagirdlər iştirak ediblər. Tədbirdə həmin şagirdlərin mentorları və müəllimləri də qatılmışdır.

Çıxış edənlər şagirdlərin elm, texnologiya və intellektual sahələrdə əldə etdikləri nailiyyətlərin regionun təhsil mühitinə müsbət təsir göstərdiyini vurğulayıblar. Onlar bu uğurların davamlı zəhmət, komanda işi və düzgün istiqamətləndirmənin nəticəsi olduğunu qeyd ediblər.

#MÜTDA #Eduaz #QubaXaçmazRTİ