“Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual məktəb çempionatının zona mərhələsi keçirilib
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 8–10-cu sinif şagirdləri arasında “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş intellektual məktəb çempionatının zona mərhələsi keçirilib.
Çempionatın əsas məqsədi şagirdlərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına dəstək olmaq, yüksək intellektual potensiala və geniş dünyagörüşünə malik gəncləri aşkar etmək, onların bilik və bacarıqlarının inkişafı üçün əlverişli mühit yaratmaq, həmçinin məktəblilər arasında sağlam rəqabət mühitini təşviq etməkdən ibarətdir.
Yarış zamanı iştirakçılar müxtəlif sahələri əhatə edən suallar üzrə biliklərini nümayiş etdirərək komanda şəklində mübarizə aparıblar. Gərgin və maraqlı mübarizə şəraitində keçən zona mərhələsinin yekununda yüksək nəticə göstərən komandalar müəyyənləşib.
Yarışın nəticəsinə əsasən Quba rayon Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey I yerə layiq görülüb. Qalib komanda çempionatın final mərhələsində iştirak etmək hüququ qazanaraq regionu növbəti mərhələdə təmsil edəcək.
Yeni Şərh