Şagirdlər ADA Universitetinə səfər etdi
10 dekabr 2025-ci il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Qusar rayon Hil kəndi Kərim Kərimov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdləri ADA Universitetinə səfər ediblər.
Səfər çərçivəsində şagirdlər universitetə qəbul qaydaları, tədris prosesi və tələbələr üçün təqdim olunan imkanlar barədə ətraflı məlumat əldə ediblər. Onlar həmçinin “Debat zamanı”, “Akademik yazı” və digər maraqlı seminar və təlimlərdə iştirak ediblər.
Daha sonra şagirdlər universitetin tələbələr üçün yaradılmış şəraiti ilə tanış olublar. Tanışlıq zamanı onlar ADA Universitetinin tədris korpuslarını, kitabxanasını və oxu zallarını gəzərək burada formalaşdırılmış yüksək təhsil mühitini yaxından müşahidə ediblər.
Səfər, şagirdlərin ixtisas seçiminə müsbət təsir göstərməsi və onlar üçün motivasiyaedici rol oynaması məqsədilə təşkil olunmuşdur.
Yeni Şərh