Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində şagirdlər arasında ekoloji maarifləndirmənin gücləndirilməsi, ətraf mühitə məsuliyyətli yanaşmanın formalaşdırılması və Dayanıqlı İnkişaf Məqsədlərinin təbliği məqsədilə “Dayanıqlı inkişaf” mövzusunda silsilə tədbirlər keçirilmişdir.
Tədbirlər çərçivəsində məktəblərdə maarifləndirici seminarlar, dəyirmi masalar, təqdimatlar, açıq dərslər, intellektual oyunlar və rəsm müsabiqələri təşkil olunmuşdur. Şagirdlər dayanıqlı inkişaf anlayışı, iqlim dəyişiklikləri, təbii ehtiyatlardan səmərəli istifadə, tullantıların idarə olunması, ətraf mühitin mühafizəsi və yaşıl həyat tərzinin əhəmiyyəti barədə məlumatlandırılmışlar.
Çıxış edənlər dayanıqlı inkişafın yalnız ekoloji deyil, həm də sosial və iqtisadi rifahın təmin olunmasında mühüm rol oynadığını vurğulamış, gələcək nəsillərin sağlam və təhlükəsiz mühitdə yaşamasının hər bir vətəndaşın məsuliyyəti olduğunu qeyd etmişlər. Tədbirlər zamanı şagirdlər tərəfindən hazırlanan təqdimatlar nümayiş etdirilmiş, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.
Keçirilən tədbirlərin əsas məqsədi şagirdlərdə ekoloji mədəniyyətin formalaşdırılması, onların ətraf mühitin qorunmasına həssas münasibət göstərmələrinin təşviq edilməsi və dayanıqlı inkişaf prinsiplərinin gündəlik həyatda tətbiqinə dair bilik və bacarıqlarının artırılması olmuşdur.
Yeni Şərh